Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfransa tezis qəbulu aparılır
Bakı, 14 iyul, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-21-də “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezisləri sentyabrın 1-dək [email protected] ünvanına göndərə bilərlər. Konfransa Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, qardaş ölkə ilə Azərbaycan əlaqələri və türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən tezislər təqdim oluna bilər. Tezislər Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir. Qəbul olunan tezislər sentyabrın 7-də elan olunacaq. Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.
Xatırladaq ki, 2023-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr edilib.