Türkiyə əhalisinin 50 faizi vaksinasiya ilə əhatə olunub
İstanbul, 18 iyun, AZƏRTAC
Türkiyənin peyvəndləmə proqramına daxil edilən yetkinlik yaşına çatan ölkə əhalisinin 50 faizinin tam və ya ilk doza vaksinasiyası tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
İstanbulda aparılan vaksinasiya proqramı haqqında danışan şəhərin Səhiyyə İdarəsinin müdiri professor Kamal Memişoğlu isə
iyunun 16-na olan rəqəmlərə əsasən meqapolisdə 6 milyon 531 min 933 doza peyvəndin tətbiq edildiyini deyib.
Bildirilib ki, təxminən 2,5 milyon vətəndaşa ikinci doza peyvənd vurulub. Yəni, artıq İstanbulda 2,5 milyon nəfər tam vaksinasiya olunub. Şəhərdə vaksinasiya prosesinin iyul ayının ilk həftələri tamamlanması planlaşdırılır. O vaxta qədər 12 yaşdan yuxarı olan hər bir şəhər sakini peyvəndlənəcək. Bu tarixdən etibarən İstanbulda açıq havada sosial məsafə qaydaları çərçivəsində maska taxmaq məcburiyyəti aradan qalxa bilər.
Şəhərdə yoluxma və ağır xəstə saylarının kəskin şəkildə azaldığını deyən professor insanların karantin rejiminə daha həssas yanaşacaqları təqdirdə iyul, avqust aylarından etibarən qadağaların da tədricən aradan qaldırılacağını deyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul