Türkiyə ictimaiyyəti erməni lobbisinin təxribatlarına etiraz edir
İstanbul, 29 noyabr, AZƏRTAC
Bir neçə gün əvvəl erməni lobbisinin himayədarlığı ilə Ankarada “Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda konfransın keçirilməsi Türkiyə ictimaiyyətində narazılıq yaradıb.
Konfransda səsləndirilən əsassız fikirlərə, böhtan xarakterli məlumatlara, tarixi faktların saxtalaşdırılmış şəkildə təqdim olunmasına etiraz edənlərin sayı gündən-günə artmaqdadır. Kütləvi informasiya vasitələrində və sosial şəbəkədə etirazını bildirən ictimai-siyasi təşkilatlar, ölkənin bütün təbəqələrini əhatə edən insanlar belə bir tədbirin təşkil olunmasını erməni millətçilərinin uzun illərdən bəri Türkiyəyə və Azərbaycana qarşı həyata keçirdikləri ideoloji təxribatların davamı kimi dəyərləndirirlər.
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) bununla bağlı yaydığı bəyanatda erməni millətçilərinin xalqlarımıza qarşı zaman-zaman həyata keçirdikləri təxribatların Türkiyənin paytaxtında açıq şəkildə davam etdirilməsi qətiyyətlə pislənilir.
Bəyanatda bildirilir ki, sülh və sabitlik tarixin bütün dövrlərində türk xalqlarının ən böyük istəyi olub. Lakin Birinci Dünya müharibəsində Osmanlı dövlətinə qarşı döyüşən tərəflərə kömək etmək məqsədi ilə yaşadıqları ölkədə silahlı qiyamlar qaldıran ermənilər sonrakı illərdə türk diplomatlarına, dövlət xadimlərinə, görkəmli şəxsiyyətlərə amansız terrorlar törədiblər. Bundan başqa, Azərbaycan ərazisinin 20 faizini işğal edən, əhalisinin bir milyondan çoxuna qaçqın və məcburi köçkün həyatı yaşadan, Xocalı soyqırımını törədən Ermənistan dövlətidir. “Qarabağı aldıq, Ağrını da sizə qoyduq” ifadəsi ilə erməni gənclərini Türkiyəyə qarşı ərazi iddiasına təhrik edən, onları yeni bir qanlı yola yuvarladan, saxta “erməni soyqırımı” iddiası ilə əsassız ərazi və təzminat tələblərində israr edən də Ermənistan və erməni diasporudur. Türkiyənin paytaxtında saxta sülh çağırışları ilə dünya ictimaiyyətini aldatmaq cəhdi ancaq erməni xislətinin ortaya qoyduğu hiyləgərlikdir.
Bəyanatda əminliklə bildirilir ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmayınca, ermənilər Türkiyəyə qarşı əsassız iddialardan əl çəkməyincə Ermənistanla sərhədlər açılmayacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul