Türkiyə KİV-ləri: “Qarabağ” tarix yazdı
İstanbul, 25 avqust, АZƏRTAC
Azərbaycan futbolunun flaqmanı olan Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, www.haberturk.com və www.ntvspor.net saytları, “Millət” və “Hüriyyət” qəzetləri, eləcə də xəbər portalları bu möhtəşəm idman xəbərini futbolsevərlərə “Qarabağ” tarix yazdı”, “Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq”, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizə aparacaq ilk Azərbaycan futbol komandası oldu” və digər sərlövhəli yazılarla çatdırıb. Bəzi idman-xəbər portalları “Qarabağ”-“Kopenhagen” qarşılaşmasından foto sessiya yayıb.
Mövzunu əhatə edən idman şərhlərində, həmçinin “Qarabağ”ın keçdiyi inkişaf yolu təhlil olunur, onu qarşıda gözləyən çətin və şərəfli mübarizədən söz açılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul