TÜRKİYƏ PARLAMENTİ XOCALI QƏTLİAMINI SOYQIRIMI KİMİ TANIMALIDIR
Ankara, 24 fevral (AZƏRTAC). Türkiyə Böyük Millət Məclisi Xocalı qətliamını soyqırımı kimi tanımalıdır.
Bu fikri Ankaranın Qazi Universitetində “Azərbaycanda qanayan yara - Xocalı qətliamı” mövzusunda keçirilmiş konfransda Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Məhmət Ekici səsləndirmişdir.
Türkiyəli deputat bildirmişdir ki, TBMM-də fraksiyası olan MHP bununla bağlı qanun layihəsinin hazırlanmasında fəal iştirak etməyə hazırdır. Türkiyə parlamentariləri bu məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə birgə məsləhətləşmələr aparmalıdırlar. Bundan əlavə, iki qardaş ölkənin deputatları Xocalı soyqırımının türk dünyası ölkələri parlamentlərində də tanınmasına nail olmalıdırlar.
Məhmət Ekici Xocalı soyqırımı haqqında məlumatların Türkiyənin dərsliklərinə salınmasının zəruriliyini qeyd etmişdir. O, əlavə etmişdir ki, Türkiyə və Azərbaycan dövlətləri Xocalı və bütövlükdə Dağlıq Qarabağ haqqında həqiqətlərin dünyaya yayılması üçün ingilis, rus və digər dünya dillərində kitablar nəşr etdirəcək birgə komissiya da yaratmalıdırlar.
Məhmət Ekici vurğulamışdır ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı siyasi bir şüar deyildir. Bu, kökü, tarixi, mədəniyyəti və dili bir olan xalqlarımızın qardaşlığının təsbitidir.
Konfransda çıxış edən Ədalət və İnkişaf Partiyası sədrinin müavini, TBMM-nin üzvü Haluk İpək, Cümhuriyyət Xalq Partiyasından deputat Birgen Keleş, Qazi Universitetinin rektoru, professor Rıza Ayhan, bu ali ocağının professoru Yusuf Halacoğlu, ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Xocalı soyqırmının təkcə Azərbaycanın deyil, bütün dünya türklərinin faciəsi olduğunu söyləmişlər. Natiqlər bölgədə sülhə və sabitliyə təhlükə olan Ermənistanın təcavüzkar siyasətinə, məkrli təbliğatına qarşı birgə fəaliyyət göstərilməsinin vacibliyini vurğulamışlar.
Tədbirdə Heydər Əliyev Fondunun təqdim etdiyi “Xocalı qətliamı” filmi göstərilmişdir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzalar toplanılmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara