TÜRKİYƏ XİN-İN BAŞÇISI BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ MÜHAZİRƏ OXUMUŞDUR
Salona toplaşanlar Azərbaycanın görkəmli dövlət xadimi, ümummilli liderimiz Prezident Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla andılar.
BDU-nun rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov ikigünlük səfər proqramının sıxlığına baxmayaraq, bu təhsil ocağına gəldiyinə görə Türkiyə XİN-in başçısına təşəkkür etdi. O, BDU-nun tarixi barədə qısa məlumat verərək, xüsusi vurğuladı ki, bu ali məktəb bir sıra görkəmli şəxsiyyətlər yetirmişdir. Biz həmişə fəxr edəcəyik ki, türk dünyasının böyük oğlu, ümummilli liderimiz Prezident Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu olmuşdur.
Rektor bildirdi ki, son illər BDU bir çox ölkələrin, ilk növbədə, qardaş Türkiyənin aparıcı ali məktəbləri ilə dostluq münasibətləri yaratmışdır.
Abdullah Gül mühazirəsində Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin ətraflı təhlilini verdi, ölkəsinin xarici siyasət xəttinin əsas istiqamətlərindən söhbət açdı.
Türkiyə XİN-in başçısı nəzərə çarpdırdı ki, 2004-cü ildə ilk səfərini məhz Bakıya etmişdir. A.Gül dedi: “Heydər Əliyevin bitirdiyi universitetdə olmaq mənim üçün böyük şərəfdir. Mən zəmanəmizin bu görkəmli siyasi və dövlət xadiminin xatirəsini böyük məhəbbət və hörmətlə yad edirəm. Heydər Əliyev istər Sovet İttifaqının tarixində, istərsə də müstəqil Azərbaycan dövlətinin təşəkkülündə silinməz iz qoymuş böyük şəxsiyyətdir. O, təkcə Azərbaycan xalqının deyil, həm də bütün türk dünyasının oğludur”. Türkiyənin xarici işlər naziri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafında Prezident Heydər Əliyevin xüsusi rolunu vurğulayaraq dedi ki, Azərbaycanın böyük oğlunun xidmətləri heç zaman unudulmayacaqdır.
O, əmin olduğunu bildirdi ki, qardaş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da genişlənəcəkdir. A.Gül dedi: “Türkiyə rəhbərliyi Heydər Əliyevin “bir millət, iki dövlət” konsepsiyasına əsaslanan dövlətlərarası siyasətin həyata keçirilməsini davam etdirəcəkdir. Əminəm ki, Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qarşılıqlı surətdə faydalı strateji əlaqələrin hərtərəfli inkişafı üçün mümkün olan bütün işləri görəcəkdir”.
Abdullah Gülün fikrincə, vətəndaşların yeni nəslinin yetişməsinə sanballı töhfə verən elm xadimləri də ölkələrimizin mədəniyyətlərinin birliyinin təməlini qoyurlar.
Türkiyə xarici siyasət idarəsinin başçısı öz ölkəsinin rəhbərliyinin beynəlxalq aləmdə Bakının mövqeyini dəstəklədiyini vurğulayaraq bildirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyincə, Türkiyə onunla diplomatik münasibətlər qurmayacaqdır. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, sülh danışıqları yolu ilə həllinə tərəfdardır.
Nazir öz ölkəsinin xarici siyasət konsepsiyasından danışaraq vurğuladı ki, rəsmi Ankara regionda sülh və sabitlik siyasətinə bundan sonra da sadiq qalacaqdır. Avropa Birliyinə inteqrasiya, Qafqaz regionunda sabitliyin qorunub-saxlanması, Kipr probleminin həlli, İraqın yeni rəhbərliyi ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması, ABŞ, NATO və qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi Türkiyənin xarici siyasətinin öncül istiqamətləridir.
Sonra cənab A. Gül suallara cavab verdi.
Görüşün sonunda hörmətli qonağa Prezident Heydər Əliyevə həsr olunmuş kitablar təqdim olundu.
Görüşdə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev, təhsil naziri Misir Mərdanov, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak edirdilər.