Türkiyədə Sarıqamış faciəsinin ildönümü qeyd olunur
Ankara, 7 yanvar, AZƏRTAC
Türkiyədə Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar anım mərasimləri davam edir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qarsdakı Kazım Qarabəkir Paşa məscidində şəhidlərin ruhuna dualar oxunub.
Sonra Sarıqamışın 15 Temmuz Demokratiya meydanında izdiham yaşanıb.
Çanaqqala Sənət Teatrı tərəfindən səhnələşdirilən “Vətən sağ olsun Sarıqamış” tamaşası nümayiş olunub.
Mənfi on dərəcə temperatur altında təxminən üç kilometrlik dağ yolunda yürüş edən izdiham Yuxarı Sarıqamış şəhidləri məzarlığına gələrək vətən və xalq yolunda canlarını fəda etmiş qəhrəman türk övladlarının xatirəsini ehtiramla anıblar.
Daha bir anım tədbiri isə Ankaradan start götürüb.
Türkiyə Gənclər və İdman Nazirliyi ölkə gənclərinin nümayəndələrini Türkiyənin məşhur “Şərq Ekspres” (Doğu Ekspres) sərnişin qatarı ilə paytaxtdan Sarıqamışa yola salıb.
Qatar İrmak, Kayseri, Sivas, Divriği, Erzincan, Ərzurum stansiyalarını keçməklə Qarsa səmt alıb. Məqsəd XX əsrin ən ağır insan fəlakətləri sırasında yer alan Sarıqamış faciəsinin acılarını yaddaşlara yazmaq, şəhidlərin ruhuna ehtiram göstərməkdir.
Xatırladaq ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı mürəkkəb hava şərtləri səbəbindən minlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.
Sarıqamış şəhidlərini anım tədbirləri yanvarın 7-də və 8-də davam edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara