CƏMİYYƏT
Türkiyəli həkim: Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir

Bakı, 24 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Xərçəngin müalicəsində xeyli sayda yenilik var. Burada “ağıllı” dərman tətbiqləri, immunoterapiyalar, bundan əlavə, genetik araşdırmalarla seçilən dərmanlar, bütün vücuda təsir etmədən müəyyən orqanlara yönəlmiş kimyaterapiya müalicələri ön plana çıxır. Həmin müalicə üsullarından sonra ona uyğun aparılan radiofrekans ablasiya, vaskulyar və nonvaskulyar müdaxilə prosedurları xəstənin ömrünün uzadır. Kemosaturasiya və lioks orqana spesifik kimyaterapiya üsulları ilə yüksək dozada kimyaterapiya dərmanlarının bütün vücuda təsir etmədən sadəcə həmin orqandakı xəstəliyə yönəlmiş tətbiqi nəticəsində böyük nailiyyətlər əldə edilir. Bu, xəstələrin sağalmasına və ömrünün uzanmasına töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda "Onkoloji xəstəliklərin müasir müayinə və müalicə üsulları" mövzusunda keçirilən konfransda Türkiyənin Bayındır xəstəxanasının nümayəndəsi Cem Talas deyib.
Mütəxəssis xərçəngin müalicəsində erkən diaqnozun vacibliyini xüsusi vurğulayaraq bildirib: "Əvvəlcə erkən diaqnoz qoyulmalı, sonra uğurlu cərrahi müdaxilə edilməlidir. Tibbi onkoloji baxımdan isə xəstənin “ağıllı” dərmanlar, xüsusi yanaşmalar, immunoterapiyalar, genetik testlərlə kompleks şəkildə müalicə edilməsi lazımdır. Sonda dəstək müalicələr tətbiq edilməlidir. Metastazlar olarsa, bu zaman radioloji müalicə lazım olur. Texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir. Bu zaman xəstə üçün qoyulan yaşamaq diaqnoz 5 ildən daha çox olur".