Türkiyəli professor Yüksək Texnologiyalar Parkında olub
Bakı, 10 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) İstanbul Aydın Universitetinin Magistratura Təhsili İnstitutunun direktoru professor Ragıp Kutay Karaca ilə görüş keçirilib.
YTP-dən AZƏRTAC-a bildirilib ki, görüşdə baş direktor Vasif Abbasov və bir sıra aidiyyəti şəxslər iştirak ediblər.
Öncə professor R.K.Karacaya texnoparkın əsas fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması ilə innovativ sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əməkdaşlıq edir.
Daha sonra qonaq YTP-nin ərazisi, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub. Alimə istehsal olunan innovativ texnoloji məhsulların imkanları barədə ətraflı məlumat verilib.
Professor R.K.Karaca texnoparkın rezidenti Təcrübə-Sənaye Zavodunda dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesini də izləyib. O, bundan başqa, Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqla təchiz olunub.
Qonaq YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib.
Görüşdə YTP ilə Aydın Universitetinin Texnoloji İnkişaf Mərkəzi arasında anlaşma memorandumunun imzalanmasına dair razılığa gəlinib. Bu sənəd çərçivəsində hər iki qurumun imkanlarından birgə istifadə, o cümlədən Avropa İttifaqı və digər layihə proqramlarında birgə fəaliyyət həyata keçiriləcək.