Türkiyənin Qaziantep şəhərində Azərbaycanın investisiya imkanları təqdim olunub
Ankara, 20 noyabr, AZƏRTAC
Türkiyənin Qaziantep şəhəri Ticarət Palatasında (GTO) “Azərbaycanın investisiya imkanları” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə təşkilati dəstək Türkiyədəki Azərbaycan Ticarət Nümayəndəliyi və Ankaradakı Azərbaycan səfirliyi tərəfindən göstərilib.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, nümayəndəliyin baş müşaviri Cavid Abdullayev və GTC rəhbərinin müavini Taner Özdurak və digərləri Türkiyənin cənubundakı sahibkarlara Azərbaycanın iqtisadi imkanları barədə bəhs ediblər.
Tədbir iştirakçılarına Azərbaycan iqtisadiyyatının vəziyyəti və investorlar üçün, xüsusən də respublikanın işğaldan azad edilmiş ərazilərində yaradılan imkanlar barədə məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan hökuməti tərəfindən “açıq qapı” siyasəti aparılır, iqtisadi islahatların davam etdirilməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına və qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər həyata keçirilir.
Azərbaycan Ticarət Missiyasının nümayəndələri qeyd ediblər ki, hökumət yalnız investisiya təşviqi haqqında sənəd verməklə kifayətlənmir, həm də uzunmüddətli, güzəştli kreditlər təklif edir, dövlət qurumları ilə birgə layihələr formatını açıq saxlayır.
Son illərdə Azərbaycan Ticarət Nümayəndəliyi xətti ilə onlarla Türkiyə investisiya missiyasının ölkəmizə səfər etməsi faktına diqqət çəkilib.
Azərbaycan Ticarət Nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev Azərbaycanın investisiya mühiti mövzusunda təqdimatla çıxış edib.
Daha sonra tədbir sual-cavab formatında davam edib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara