TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ ABULLAH GÜL BAKIYA GƏLMİŞDİR
Binə hava limanında Türkiyənin xarici siyasət idarəsinin başçısını Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər qarşıladılar.
A.Gül səfərinin məqsədi barədə jurnalistlərin suallarına cavabında bildirdi ki, Azərbaycan rəhbərliyi ilə görüşəcək və bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaqdır.
Türkiyə XİN-in başçısı dedi: “Mən Azərbaycanın və bütün türk dünyasının böyük dövlət xadimi, əziz Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm və bütün Azərbaycan xalqına başsağlığı verirəm”. O, ilk növbədə, Fəxri xiyabana gedərək, böyük öndərin məzarını ziyarət edəcəyini bildirdi.
A.Gül vurğuladı ki, Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymuşdur və indi iki qardaş dövlətin münasibətləri yüksələn xətlə inkişaf etməlidir. Bütün səylərimiz qarşılıqlı münasibətlərin hərtərəfli inkişafına yönəldilməlidir. Azərbaycanın və Türkiyənin ən inkişaf etmiş dövlətlər sırasında olmağa haqqı var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Türkiyə rəhbərliyinin siyasi xəttinin dəyişməz qaldığını bildirən nazir dedi: “Bu məsələ təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün əhəmiyyətlidir. İşgal edilmiş ərazilər problemi bizim hamımız üçün ümumidir və biz onun həlli üçün mümkün bütün işləri görəcəyik. Qafqaz sülh, sabitlik və inkişaf mərkəzinə çevrilməlidir”.
Sonra Türkiyə XİN-in başçısı Matəm kitabına ürək sözlərini yazdı:
“Bütün türk dünyasının böyük dövlət xadimi, Prezident Heydər Əliyevin həyatdan getməsi ilə əlaqədar Azərbaycan xalqının kədərini qəlbimin dərinliyinədək bölüşürəm. İtkinin ağrısını bölüşürəm və Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm.
Abdullah Gül
Türkiyənin xarici işlər naziri”.