ÜAK RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI GƏNCLƏR ÜÇÜN RUSİYANIN ALİ MƏKTƏBLƏRİNƏ QƏBUL İMTAHANLARI KEÇİRMİŞDİR
RF Təhsil və Elm Nazirliyi ölkənin ən yaxşı ali məktəblərində Azərbaycana və bilavasitə “Ümumrusiya Azərbaycan Konqresi” Ümumrusiya ictimai təşkilatına büdcədən maliyyələşdirilən tələbə yerləri ayırmışdır. Artıq beşinci ildir ki, ÜAK bu cür qəbul imtahanları keçirir. Rusiyanın ali məktəblərində müxtəlif ixtisaslara yiyələnməyə hazırlaşan azərbaycanlı abituriyentlər arasında Moskvada və Rusiyanın müxtəlif regionlarında yaşayan gənc oğlan və qızlar var. İmtahandan uğurla çıxmış abituriyentlər təhsil almaq üçün nəinki Rusiyanın ən iri şəhərlərində, həm də özlərinin yaşayış yerlərində ali məktəb seçmək hüququ əldə etmişlər.
Qəbul komissiyasının sədri, ÜAK-ın vitse-prezidenti, ÜAK-ın Təhsil və Humanitar Məsələlər Komitəsinin sədri, tanınmış filoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin professoru Tofiq Məlikov bazar ertəsi sınaq imtahanının yekunlarını elan etmişdir. İmtahan komissiyasının tərkibinə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri daxil idilər. Onlar Bakıda sınaqdan çıxarılmış sistem üzrə test imtahanı keçirmək üçün gəlmişdilər. İmtahana bütün hazırlıq işlərini və onun keçirilməsini isə ÜAK təşkil etmişdi.
Abituriyentlərin və onların valideynlərinin fikrincə, Moskvada mütəşəkkil və şəffaf şəraitdə keçirilmiş bu imtahan müəyyən səbəblər üzündən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının Rusiyanın mötəbər ali məktəblərində təhsil almasına imkan verəcəkdir.
Onu da qeyd etmək lazımdır ki, bu il Azərbaycan vətəndaşlarının Rusiyada aspiranturaya və doktoranturaya daxil olmaları üçün ilk dəfə müvafiq yerlər ayrılmışdır.