UEFA Çempionlar Liqası: “Yuventus” və “Bavariya” pley-off mərhələsinə vəsiqə qazanıblar
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində daha 6 qarşılaşma oynanılıb.
AZƏRTAC xəbər verir ki, G qrupunda Avstriyanın “Zaltsburq” komandası Almaniyada “Volfsburq” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupun digər oyununda “Sevilya” komandası öz meydanında Fransanın “Lill” klubuna uduzub - 1:2.
Bu qrupa 7 xalla “Zaltsburq” başçılıq edir. “Lill” və “Volfsburq” komandalarının 5, “Sevilya”nın isə 3 xalı var.
Gecənin ən məhsuldar görüşü E qrupunda yer alan “Bavariya” və “Benfika” komandaların arasında qeydə alınıb. Qarşılaşma Münxen təmsilçilərinin 5:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Qrupun digər görüşündə “Barselona” klubu səfərdə “Dinamo Kiyev” komandasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu matçın 70-ci dəqiqəsində Ansu Fati vurub. Beləliklə, dördüncü turda qazandığı qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Bavariya” qrup mərhələsinin başa çatmasına iki tur qalmış pley-offa vəsiqəni təmin edib. Qrupda ikinci sırada qərarlaşan “Barselona”nın 6 xalı var. “Benfika” 4 xalla üçünü, “Dinamo Kiyev” isə 1 xalla sonuncudur.
H qrupunda isə İngiltərənin "Çelsi" komandası İsveçdə "Malmö"nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun İtaliyada keçirilən digər görüşündə “Yuventus” komandası “Zenit”i 4:2 hesabı ilə məğlub edib. Qrupda keçirdiyi dörd oyunun hamısında qalib gələn “Yuventus” növbəti mərhələyə yüksəlib. “Çelsi” 9 xalla ikinci, “Zenit” isə 3 xalla üçüncü sırada qərarlaşıblar. Sonuncu pillədə yer alan “Malmö” bütün görüşlərdə məğlub olub.
Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. İngiltərənin "Mançester Yunayted" klubu İtaliyada "Atalanta" ilə son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub - 2:2. İspaniyanın “Vilyarreal” klubu öz meydanında İsveçrənin “Yanq Boys” komandasının qapısından iki cavabsız top keçirərək vacib qələbə qazanıb. Hazırda bu qrupda bütün komandaların pley-offa yüksəlmə şansları qaldığından növbəti turlarda gərgin idman mübarizəsinin yaşanacağı gözlənilir. Belə ki, “Mançester Yunayted” və “Vilyarreal”ın komandalarının 7, “Atalanta”nın 5, “Yanq Boyz”un isə 3 xalı var.
Qrup mərhələsinin dördüncü turunun digər səkkiz oyunu bu gün keçiriləcək.