“UEFA U-17” Avropa çempionatı: İspaniya və Serbiya yığmaları hərəyə bir xalla kifayətləniblər
Bakı, 9 may, AZƏRTAC
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının ikinci turunda mayın 9-da “D” qrupunda yer alan Serbiya və İspaniya yığmaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə turnirin güclü komandalarından sayılan İspaniya millisi Serbiya ilə 1:1 hesablı heç-heçə edib.
Finlandiyalı baş hakim Ville Nevalainenin idarə etdiyi oyunda İspaniya millisinin heyətində 4-cü dəqiqədə Abel Ruiz hesabı açıb. Serbiya yığmasının futbolçusu Deyan Yoveliç isə 59-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı bərabərləşdirib. Oyunun sonunadək başqa qol olmayıb və görüş 1:1 hesabı ilə bərabərə başa çatıb.
Qeyd edək ki, oyunda dördüncü hakim funksiyasını azərbaycanlı referi Orxan Məmmədov yerinə yetirib.
Xatırladaq ki, bu gün Suraxanı qəsəbəsindəki “Qarabağ” stadionunda keçirilən qrupun digər oyununda Hollandiya komandası İtaliyadan üstün olmuşdu.
Beləliklə, hesabında 4 xal olan İspaniya yığması “D” qrupunun lideridir. Üç xalı olan Hollandiya yığması eyni xala sahib İtaliya ilə birlikdə qrupda ikinci, üçüncü yerləri bölüşdürürlər. Hesabında bir xalı olan Serbiya isə qrupda sonuncudur.