Uelsli azarkeş: Mehriban sakinləri olan gözəl Bakı şəhərini daim xatırlayacağam
Bakı, 17 iyun, AZƏRTAC
Gözəl Bakı şəhərində keçirdiyim xoş anları daim xatırlayacağam. Bu şəhər öz gözəlliyi, müasirliyi və tarixiliyi ilə məni özünə heyran etdi. Bakı həm də sevimli komandamızın burada keçirdiyi oyunlarda yaxşı nəticələr əldə etməsi ilə uğurlu oldu.
Bu sözləri uelsli futbol azarkeşi Edvard Devis AZƏRTAC-a müsahibəsində deyib.
Uels komandasının Bakıda ilk matçda inamlı oyun nümayiş etdirdiyini, Türkiyə ilə görüşdə isə vacib qələbə qazandığını vurğulayan azarkeş bildirib: “İsveçrə ilə oyunda əldə etdiyimiz çətin heç-heçədən sonra böyük həyəcanla Türkiyəyə qarşı oyunu gözləyirdik. Türkiyə millisi ilə oyun çətin olsa da, komandamız vacib üç xalı qazanmağı bacardı. Belə möhtəşəm arenada sevimli komandamızın qələbə qazanması təbii ki, insana unudulmaz hisslər yaşadır. Düşünürəm ki, Bakı Uels millisi üçün uğurlu şəhər oldu. Bu uğura digər şəhərlərdə keçirəcəyimiz oyunlarda da nail olacağımıza ümid edirəm”.
Paytaxt Bakının gözəlliyi ilə yanaşı, yerli sakinlərin qonaqpərvərliyinin də onda xoş təəssürat oyatdığını vurğulayan turist deyib: “Şəhərdə olduğumuz müddətdə ən çox xoşuma gələn cəhətlərdən biri də insanların mehribanlığı və qonaqpərvərliyidir. Mehriban sakinləri olan belə gözəl şəhəri daim xatırlayacağam”.