UFAZ-da Fransız-Azərbaycan əmək və karyera sərgisi açılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransız-Azərbaycan əmək və karyera sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Fransanın Azərbaycandakı səfirliyi, UFAZ, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-Fransa Məzunları Assosiasiyası tərəfindən təşkil edilib.
Açılış mərasimində çıxış edən Fransanın ölkəmizdəki səfiri Zakari Qros müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, öz ölkəsi ilə Azərbaycanın təhsil əlaqələrindən danışıb, sərginin əhəmiyyətini vurğulayıb. Səfir UFAZ-ın professor və müəllimlərinə, tələbələrinə təhsildə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Rafiq Camalov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İdarə Heyətinin sədri Teybə Quliyeva əmək və karyera sərgisi ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan-Fransa Məzunları Assosiasiyasının sədri, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov universitetdə tədrisin təşkili, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs edib.
V.Əskərov, eyni zamanda, əmək və karyera sərgisi barədə məlumat verib. Sərgi Fransada ali təhsil almış, həmçinin gənc frankofonlara və digərlərinə, Azərbaycanda karyera və əmək imkanlarını kəşf etmək arzusunda olan bütün akademik profilli (dillər, iqtisadiyyat, hüquq, siyasi elmlər, mühəndislik, tibb, incəsənət və s.) gənclərə (yuxarı sinif şagirdləri, tələbələr, gənc peşəkarlar və s.) ünvanlanır. Sərgi onlara Fransa və Azərbaycan şirkətlərinin nümayəndələri (menecerlər, işə götürənlər, məsləhətçilər və s.) ilə ünsiyyət qurmağa və Fransada ali təhsil alan bir çox azərbaycanlı məzunun peşəkar uğur yollarını kəşf etməyə imkan yaradır.
Qeyd edək ki, müəyyən sahələri (enerji, nəqliyyat, infrastruktur, mühəndislik, bank və biznes, otelçilik, turizm, şərabçılıq və s.) təmsil edən bir çox şirkətlər bu tədbirdə iştirak edirlər. “TotalEnergies”, “Alstom”, Azərbaycan Beynəlxalq Bankı, “Schneider Electric”, “PAŞA Bank”, “Schlumberger”, “IBIS, Shirvan Vines” və s. şirkətlər həm sərgiyə gələn insanlarla karyera fəaliyyətləri və imkanları haqqında fikir mübadiləsi aparıb, həm də iştirakçıları öz təqdimat stendlərində qəbul ediblər.
Bakıda fəaliyyət göstərən əsas fransız tədris qurumları da məlumat stendləri təqdim ediblər.