“Uğurunu paylaş” layihəsinin budəfəki qonağı deputat Emin Hacıyev olub
Sumqayıt, 1 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında “Uğurunu paylaş” layihəsi çərçivəsində Milli Məclisin deputatı Emin Hacıyevin gənclərlə görüşü keçirilib. Tədbir YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə reallaşıb.
YAP Sumqayıt şəhər təşkilatından AZƏRTAC-a bildirilib ki, görüş Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə moderator, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin İdarə heyətinin üzvü, gənc şair Elvin Əlizadə layihə haqqında məlumat verib.
Sonra Milli Məclisin deputatı Emin Hacıyev fikirlərini bölüşüb. O, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıb. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Emin Hacıyev yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bunun göstəricisidir.
Daha sonra Vətən müharibəsi qazisi, baş leytenant Pərvin Abdullayev, Sumqayıt Gənclər Evinin direktoru Nərgiz Nağıyeva, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova və YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Fəridə Qafarova çıxış ediblər.
Sonda gənclərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.