SİYASƏT
Ukrayna GUAM-a üzv ölkələrə əməkdaşlığın inkişafı proqramını təqdim edib
Kiyev, 13 aprel, AZƏRTAC
Ukrayna GUAM-a üzv ölkələrə əməkdaşlığın inkişafı proqramını təqdim edib. Proqramda GUAM çərçivəsində prioritet olan məsələlərin “yol xəritə”si göstərilib.
Bu barədə AZƏRTAC-a GUAM-ın Milli Əlaqələndiricilər Şurasından məlumat verilib.
Proqrama GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması. Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşmanın tətbiqi daxildir.
Ukraynanın sədrliyi ilə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının (MŞ) videokonfrans formatında keçirilən 61-ci iclası zamanı tərəflər GUAM formatında siyasi əməkdaşlıq məsələlərini, xüsusilə Prezident Volodimir Zelenskinin təqdim etdiyi sülh formulunu, Azərbaycan, Gürcüstan və Moldova üçün mövcud təhlükəsizlik çağırışlarını, GUAM-a üzv dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət planını, həmçinin üzv dövlətlər arasında strateji kommunikasiyaların təkmilləşdirilməsi məsələsini müzakirə ediblər.
Milli Əlaqələndiricilər Şurası GUAM nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Avropa Komissiyası ilə sektoral əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev