Ukrayna idmançıları Rio Olimpiya Oyunlarına 156 lisenziya qazanıblar
Kiyev, 18 may, AZƏRTAC
Ukrayna idmançıları Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına artıq 156 lisenziya qazanıblar.
AZƏRTAC Ukrinform saytına istinadla xəbər verir ki, Ukraynanın gənclər və idman naziri İqor Jdanov Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka ilə bir sıra idman obyektlərinə - idman gimnastikası, ağır atletika, sərbəst və yunan-Roma güləşi zallarına baş çəkib.
İqor Jdanov idman gimnastikası üzrə olimpiya lisenziyası əldə etmiş idmançılardan biri olan İqor Radivilov və komandanın məşqçisi Gennadi Sartinski ilə söhbət edib. Onlar bildiriblər ki, Ukrayna Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin aldığı müasir avadanlıq idman nəticələrini yaxşılaşdırıb. Bu özünü yaxın günlərdə Bolqarıstanda keçirilmiş Dünya kubokunda göstərib. Həmin yarışda İqor Radivilov Oleq Vernyayevlə birgə 6 mümkün qızıl mükafatdan 5-ni qazanıblar.
Nazir deyib: “Uşaqlar “Konça-Zaspa” bazası üçün aldığımız yeni idman alətləri ilə çıxış ediblər. Növbəti dəfə əmin olduq ki, Ukraynanın aparıcı olimpiya komandalarına yeni avadanlığın alınması üçün dövlət, nə olursa-olsun, vəsait ayırmalıdır. 2016-cı ili dövlət büdcəsində dəyişikliklər zamanı müvafiq pul vəsaitlərinin ayrılmasına ümid bəsləyirik”.
Ukrayna MOK-un prezidenti Sergey Bubka, həmçinin Rioda iştirak edəcək aparıcı idmançılar üçün 7,5 min qrivna (300 ABŞ dolları - AZƏRTAC) məbləğində 70 aylıq təqaüd ayrılması barədə məlumat verib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev