Ukrayna XİN jurnalistləri Azərbaycan ərazisinə giriş qaydalarına hörmətlə yanaşmağa çağırıb
Kiyev, 28 noyabr, AZƏRTAC
Ukrayna XİN yerli jurnalistləri xarici siyasət idarəsinin Dağlıq Qarabağa yalnız Azərbaycan Respublikasının razılığı ilə giriş tövsiyələrini nəzərə almağa çağırıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynis Azərbaycanın Ukraynadakı səfirliyinin “1+1” kanalı ilə “15 respublika” verilişinin yayımlanması ilə bağlı Ukrayna XİN-ə göndərdiyi notanı Ukrinforma şərh edərkən səsləndirib.
Y.Perebiynis deyib: “Əlbəttə, biz Azərbaycan tərəfini saytımızdakı tövsiyələr barədə məlumatlandıracağıq. Bu tövsiyələrdə aydın şəkildə yazılıb ki, barəsində söhbət gedən (proqramda - AZƏRTAC) bu regionlara getmək üçün mütləq Azərbaycanın müvafiq orqanlarının razılığı olmalıdır. Biz jurnalistləri bu normalara dəqiq riayət etməyə çağırırıq”.
O bildirib ki, jurnalistlər Azərbaycan Respublikasının qaydalarını pozmaqla bərabər, Ukrayna XİN-in tövsiyələrinə məhəl qoymayıblar.
Mətbuat katibi daha sonra deyib: “Bu, özəl kanaldır. Əlbəttə, biz özəl kanallara hər hansı göstəriş verə bilmərik. Amma istənilən halda bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq. Mövqeyimizi kanalın rəhbərliyinə bir daha çatdıracağıq”.
Eyni zamanda Ukraynanın Azərbaycandakı səfirliyi noyabrın 27-də bəyanatla çıxış edib. XİN-in saytında yerləşdirilən bəyanatda vurğulanır ki, Ukrayna Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində rəsmi surətdə dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Ukrayna səfirliyinin bəyanatında deyilir: “Buna görə də göstərilən süjeti Ukraynanın ayrıca televiziya kanalının ayrı-ayrı jurnalistlərinin vəziyyətə şəxsi baxışı hesab etmək lazımdır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi noyabrın 26-da öz rəsmi saytında “1+1” telekanalının “15 respublika” verilişinin yayımı ilə bağlı Ukrayna XİN-ə nota göndərməsi barədə məlumat yerləşdirib.
Azərbaycan diplomatik nümayəndəliyinin notasında deyilir ki, bu proqram Azərbaycan Respublikasının ictimai-siyasi sisteminə, müstəqillik illərində qazandığı uğurlara kölgə salır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və səbəblərini təhrif edir, habelə Azərbaycan ilə Ukrayna arasında dostluğa və strateji tərəfdaşlığa ciddi ziyan vurur. Azərbaycan diplomatları ukraynalı həmkarlarından “Azərbaycan Respublikasına və onun vətəndaşlarına münasibətdə təhqir və böhtanlara yol vermiş jurnalistlərə qarşı müvafiq tədbirlər görməyi” də xahiş ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev