UKRAYNADAKI MİLLİ AZLIQLARIN ASSAMBLEYASI KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, assambleyanın işində Ukraynanın dövlət və hökumət rəsmiləri, deputatlar, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, bu ölkədə yaşayan bütün xalqların nümayəndələri iştirak etmişlər.
Ukraynanın Millətlərin İşi və Miqrasiya Məsələləri üzrə Dövlət Komitəsinin sədri Gennadi Moskal öz məruzəsində dövlətin milli azlıqlarla bağlı həyata keçirdiyi siyasətin nəticələri və perspektivdə nəzərdə tutulan işlər barədə məlumat vermişdir. Digər dövlət və hökumət rəsmiləri Ukraynada millətlərarası münasibətlərin qanunla tənzimlənməsindən, ölkədəki milli-mədəni təşkilatların fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, hazırda “Ukraynadakı milli azlıqların milli-mədəni muxtariyyətləri haqqında”, “Ukraynadakı milli azlıqlar haqqında” və başqa qanun layihələri baxılmaq üçün parlamentə təqdim edilmişdir.
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyev çıxışında Ukraynada yaşayan azərbaycanlıların gördüyü işlərdən ətraflı söhbət açmış və bu istiqamətdə Ukrayna dövlətinin onlara yaxından kömək göstərdiyini vurğulamışdır.
Assambleya iştirakçıları qeyd etmişlər ki, hazırda millətlərarası münasibətlər sahəsində bir sıra problemlər də mövcuddur və onları tezliklə aradan qaldırmaq lazımdır. Bununla əlaqədar assambleya müvafiq qətnamə qəbul etmişdir.