DÜNYA
Ukraynanın xarici işlər naziri Blinkenlə NATO-nun Vilnüsdə keçiriləcək sammiti müzakirə edib
![Ukraynanın xarici işlər naziri Blinkenlə NATO-nun Vilnüsdə keçiriləcək sammiti müzakirə edib](/files/2023/2/1200x630/1688924362168282484_1200x630.jpeg)
Kiyev, 9 iyun, AZƏRTAC
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Telefon danışığında NATO-nun Vilnüsdə keçiriləcək sammiti müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz çalışırıq ki, Vilnüs sammitinin yekun qərarları Ukrayna, NATO və qlobal təhlükəsizliyin qələbəsinə çevrilsin”, - deyə XİN-in məlumatında bildirilir.
Qeyd edək ki, sammitdə Ukrayna müharibə bitdikdən sonra Alyansa üzv olmaq üçün dəvət almaq istəyir. Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkənin buna hər cür əsası var. Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq ümid edir ki, alyansa üzv ölkələrin liderləri Ukraynanın NATO-ya üzv olacağını təsdiq edəcəklər.
Bundan əlavə, Ukraynaya Qərbdən aydın təhlükəsizlik zəmanətləri lazımdır. Ölkə Şimali Atlantika Alyansının tamhüquqlu üzvü olana qədər onları bir müddət qəbul etmək istəyir.
Xatırladaq ki, NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev