Ulu Öndər hər zaman uşaqlara qayğı ilə yanaşıb
Qəbələ, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də, şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Çünki, uşaqlar dövlətin gələcəyi, dayağıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər “Heydər Əliyev İli” çərçivəsində Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirdə səsləndirilib.
Qəbələ rayon Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdlərinin, valideynlərin, həmçinin qoruğun və mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açılıb, hazırda ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edilib.
Tədbirdə çıxış edən qoruğun direktoru Zahir Kərimov bu gün müstəqil Azərbaycanın uşaqlarının diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilib” - sözləri dahi rəhbərin uşaqlara olan məhəbbətinin təzahüri idi. Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü aydın büruzə verir. Ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür şərait yaradılıb.
Tədbirdə Çuxur Qəbələ və Böyük Əmili kənd tam orta məktəblərin şagirdləri, Qəbələ rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə, Vətənə, xalqa, torpağa həsr olunmuş şeirlər səsləndiriblər. Sonra Ulu Öndərin uşaqlara sevgisindən bəhs edən videoçarx nümayiş etdirilib.