Ulu Öndər Heydər Əliyevin anım günü Gürcüstanda da qeyd olunur
Tbilisi, 12 dekabr, AZƏRTAC
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anım gününü qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusifov və konqresin üzvləri Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir GAK Marneulidəki ofisində davam edib.
Hüseyn Yusifov və başqaları çıxışlarında Ulu Öndərin müstəqil müasir Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada layiqli yerini tutmasındakı xidmətlərindən danışıblar.
Çıxışlarda Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafında Ümummilli Liderin xidmətləri xüsusi qeyd olunub.
Rustavi Təhsil və Mərkəzində də Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Mərkəzdə şagird və tələbələrə Ümummilli Liderin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra Mərkəzin müəllimləri, tələbə və şagirdlər Ulu Öndərin Rustavidəki büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi