Ulu Öndər Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil olunacaq
Bakı, 10 may, AZƏRTAC
Mayın 14-də “NUR Art House” qalereyasının açıq meydançasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltəraşların vorkşopu təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, vorkşop “Arts Council Azerbaijan” təşkilatının, “World Craft Council Europe“ və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə keçirilir. Festivalın müəllifi Dadaş Məmmədov, vorkşopun kuratoru Teymur Qəribovdur.
Vorkşop iştirakçıları Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva və Dinara Müzəffərlidir.
Məqsəd təkcə təsviri sənət obyektlərinin yaradılması deyil, həm də yaradıcılıq prosesi zamanı ustadın işini görmək, eləcə də qeyri-rəsmi şəraitdə rəssamlarla ünsiyyət qurmaqdır. Vorkşop eyni zamanda özünü təkmilləşdirmə, həmçinin gənc istedadların yetişdirilməsi forması kimi yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məqsədilə həyata keçirilir.
Girişi sərbəst olan tədbirin qonaqları heykəltaraşlığın yaradılmasının əziyyətli və mürəkkəb prosesini görmək, eyni zamanda müxtəlif üslublarda bu prosesin mürəkkəbliyini, eləcə də gözəlliyini qiymətləndirmək imkanı əldə edəcəklər.