Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri daim xatırlanacaq
Bakı, 11 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Anma mərasimində ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Bildirilib ki, Ulu Öndər dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbər seçilərkən ölkəmizi tənəzzüldən xilas edərək böyük inkişaf yoluna çıxarıb.
Y.Məmmədov qeyd edib ki, Ümummilli Lider həmişə elmə, təhsilə böyük qayğı və diqqət göstərirdi. Təsadüfi deyildir ki, onun Azərbaycana rəhbərlik etdiyi illər elm və təhsil sahəsində intibahın yeni dövrü kimi səciyyələndirilir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Məhz həmin illərdə təhsil ölkəmizin iqtisadiyyatının, elm və mədəniyyətinin, sosial sahələrinin yüksəlməsinə təkan verən daha güclü qüvvəyə çevrildi, vətəndaşların təhsil almaq imkanlarının artırılması istiqamətində təsirli tədbirlər həyata keçirildi.
Sonda tələbələr Ulu Öndərə həsr olunmuş şeir və mahnılar ifa ediblər.