Ulu öndər Heydər Əliyevin xatirəsi Gürcüstanda da yad edilib
Tbilisi, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanda da ehtiramla yad edilib.
Bununla əlaqədar səfirlikdə keçirilən anma mərasimində Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik nümayəndəliyin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, azərbaycanlı iş adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfir Azər Hüseyn çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, eləcə də ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafında və möhkəmlənməsindəki rolundan danışıb. Diplomat qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra bölgədə yaranmış gərgin vəziyyət, xalqlarımızın qarşılaşdıqları ciddi problemlər məhz müasir dövrümüzün ən təcrübəli siyasi xadimi Heydər Əliyevin gərgin əməyi nəticəsində öz həllini tapıb.
Səfir Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün bölgədə reallaşdırılan layihələrin əhəmiyyətindən də bəhs edib.
Tədbirdə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru vəzifəsini icra edən Ramin İsmayılov, Gürcüstanın mədəniyyət nazirinin müşaviri Georgi Gegeçkori, XXI əsr Mədəniyyət və Dialoqlar Assosiasiyasının prezidenti, sabiq mədəniyyət naziri Valeri Asatiani, Gürcüstan Baş nazirinin milli azlıqların məsələləri üzrə köməkçisi Savalan Mirzəyev çıxış edərək Ümummilli Liderlə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır. Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan-Gürcüstan dostluğu elə möhkəmlənib ki, onu heç bir qüvvə poza bilməz. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, gürcü xalqının da yaddaşında dərin və silinməz iz qoyub. Bu görkəmli şəxsiyyətin əsasını oyduğu siyasət nəticəsində hər iki ölkə inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr ölkələrimizin iqtisadi inkişafı ilə yanaşı, beynəlxalq arenada dövlətlərimizin mövqelərinin möhkəmlənməsinə xidmət edib.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Qeyd edək ki, səfir Azər Hüseyn, səfirliyin və konsulluğun əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin, diaspor təşkilatlarının nümayəndələri, azərbaycanlı tələbələr Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Rustavi şəhərinə gələrək buradakı Heydər Əliyev Parkında da Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi