Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) də dərin hörmətlə yad edilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq agentliyin kollektivi inzibati binada Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.