Ulu Öndər öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsini anma mərasimi keçirilib.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz dahi rəhbər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Qeyd edilib ki, xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını ulu öndər Heydər Əliyevdə görürdü. Ölkəmizin fəxri, iftixarı və liderimiz olan Heydər Əliyev bütün problemlərin öhdəsindən yüksək səviyyədə gəlib. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran, nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Ümummilli Lider öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.
Ümummilli Liderimizin ikinci dəfə ölkə rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini böhran vəziyyətindən xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, meliorasiyanın potensialından daha səmərəli istifadə olunması yolunda gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. MDB ölkələri arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə “Meliorasiya və irriqasiya” haqqında qanun qəbul edildi.
Diqqətə çatdırılıb ki, Azərbaycanda meliorasiya və su təsərrüfatı sistemində son dərəcə vacib layihələrin reallaşdırılması müdrik və uzaqgörən rəhbər Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Bu gün iftixarla deyirik ki, Azərbaycanda su təsərrüfatı və irriqasiya kompleksinin yaradıcısı və müəllifi ulu öndər Heydər Əliyevdir. Ölkəmiz Heydər Əliyev siyasətinin uğurlarını hiss edir və onunla yaşayır.
Bildirilib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin başladığı quruculuq işlərini uğurla davam etdirir.