Ulu Öndərin mənalı ömür yolunun hər anı unudulmaz tarixdir
Qəbələ, 3 may, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Qəbələ Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə mayın 3-də keçirilən “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda dəyirmi masada səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya ilə tanış olublar.
Mərkəzin konfrans zalında davam edən tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir, müstəqil dövlətimizin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etməklə xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat - müstəqil dövlət bəxş edib.
Dəyirmi masada Heydər Əliyev Mərkəzinin əməkdaşı Mahirə Kərimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ nümayəndəliyinin direktoru Teymur Alşanov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun qurub-yaratdığı doğma Azərbaycanda sabitliyin bərqərar olmasından, sosial-iqtisadi inkişafın, elm və təhsilin, mədəniyyətin uğurla inkişaf etməsindən, ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən danışıblar.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.