Ulu Öndərin Prezident təqaüdü verdiyi tələbə hazırda bank mütəxəssisidir
Bakı, 4 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı PAŞA Bankın Data əməliyyatları şöbəsinin baş mütəxəssisi İlahə Nuriyeva olub.
AZƏRTAC DİM-in saytına istinadla layihənin növbəti iştirakçısı haqqında məlumatı təqdim edir.
İlahə Nuriyeva Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Prezident təqaüdünə layiq görülüb. O, 2002-ci ildə Biləsuvar şəhər 2 saylı tam orta məktəbi fərqlənmə ilə bitirib. 671 balla Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinə qəbul olub.
Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü xatırlayan İlahə Nuriyeva deyib: “Avqustun 29-da böyük həvəslə, sevinclə dərslərin başlamasını gözlədiyimiz vaxtda evə zəng gəldi. Növbəti gün üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dəvət olundum. Orada bildik ki, Prezident Administrasiyasında görüş olacaq. Ümummilli Lider Heydər Əliyev otağa daxil olanda gözlərimə inanmadım. Orta məktəbi bitirən bir gənc üçün bu diqqətin, qayğının nə demək olduğunu təsəvvür etmək çətin deyil. O gün mənim və ailəmin həyatında çox əlamətdar bir hadisə, qürurverici, sevincli gün idi.
Ümummilli Lider yaddaşımda elmə, təhsilə, savada önəm verən böyük bir şəxsiyyət kimi qalıb. O, həm də çox diqqətli insan idi. Görüşün sonunda Prezidentlə təqaüdçülərin xatirə şəkli çəkildi. Həmin anda bir anlıq kənarda qaldım. Bu, Ulu Öndərin diqqətindən yayınmadı. Ətrafında olan o qədər insanın arasından məni yanına çağırdı. Heydər Əliyevin tövsiyələri nəinki tələbəlik həyatımda, karyeramda da bir devizə çevrildi. İnkişaf etmək üçün hər zaman çalışıram, biliklərimi təkmilləşdirirəm”.
İlahə Nuriyeva 2006-2008-ci illərdə BDU-da informatika ixtisası üzrə magistr təhsil alıb. Hazırda təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda PHD üzrə davam etdirir. Elmi iş üzərində çalışır. Əmək fəaliyyətinə özəl şirkətlərin birində proqramçı kimi çalışmaqla başlayıb. Daha sonra müxtəlif sığorta şirkətlərində, bank sektorunda işləyib.
“Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, gənclər vaxtı boşuna itirməsinlər. Öz yollarını müəyyənləşdirsinlər, istədikləri sahə üzrə yönəlsinlər, həmin sahənin dərinliklərinə mükəmməl yiyələnsinlər”, - deyə İlahə Nuriyeva söyləyib.