HEYDƏR ƏLİYEV - 1
Ulu Öndərin yubileyi ilə əlaqədar Gürcüstan məktəblərində maarifləndirici tədbirlərə start verilib
Tbilisi, 20 aprel, AZƏRTAC
Gürcüstandakı Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Kvemo Kartli bölgəsindəki azərbaycandilli məktəblərdə silsilə maarifləndirici tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk belə tədbir aprelin 20-də Bolnisi rayonunun Həsənxocalı (Xidisquri) kənd ictimai məktəbində keçirilib.
Müəllimlər İttifaqının sədri Səadət Quliyeva bildirib ki, Gürcüstanın azərbaycandilli məktəblərində bu cür tədbirlərin keçirilməsində məqsəd yeniyetmələrə, uşaq və gənclərə Ümummilli Lider Heydər Əliyev haqqında məlumat vermək, savadlı, dünyagörüşlü gənc nəslin yetişməsinə kömək göstərməkdir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Eldar Bayramov və Ramel Lətifov məktəbin müəllim və şagirdləri ilə görüşüb, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, Ümummilli Liderin uşaqlara, gənc nəslə xüsusi diqqət və qayğı göstərdiyini qeyd ediblər.
Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən onların övladları da bu diqqət və qayğıdan kənarda qalmayıblar. Azərbaycan dövləti daim soydaşlarımıza qayğı göstərir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin tapşırığına əsasən, Gürcüstanda soydaşlarımız üçün məktəblər, uşaq bağçaları, idman kompleksləri inşa edilir, köhnələri təmir olunur.
Məktəbin direktoru Ramiz Məmmədov bu cür maarifləndirici dərslərin, görüşlərin keçirilməsini yüksək qiymətləndirib, soydaşlarımıza və onların uşaqlarına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonra səfirlik əməkdaşları və ittifaqın sədri Dmanisi rayonunun Aşağı Oruzman kəndindəki ictimai məktəbdə olublar.
Məktəbin müəllim və şagirdləri ilə görüşdə onlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun uşaqlara sevgisi və qayğısı barədə ətraflı məlumat verilib.
Məktəbin direktoru İslam Məmmədov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Məktəblilər Ulu Öndər Heydər Əliyevlə bağlı şeirlər söyləyiblər.
Qeyd edək ki, mayın 5-dək davam edəcək maarifləndirici tədbirlər Gürcüstan paytaxtı Tbilisidə, eləcə də Marneuli və Qardabani rayonlarının məktəblərində də keçiriləcək. Ümumilikdə 10-dan çox belə tədbirlərin təşkili nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi