Ümummilli Lider Heydər Əliyevin 100 illiyi Mənzil İnşaatı Dövlət Agentliyində də qeyd olunub
Bakı, 10 may, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbərliyi və kollektivi mayın 10-da Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Ümummilli Liderin yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən əvvəl agentliyin inzibati binasında Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək büstü önünə əklil qoyulub və “Heydər Əliyev” guşəsinin açılışı olub.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər tarix yaradan şəxsiyyət idi. Ulu Öndərin həyat və fəaliyyəti ilə müasir Azərbaycan tarixi bir-biri ilə uzlaşır, biri digərini tamamlayır. Heydər Əliyevin yaratdığı şah əsəri müstəqil Azərbaycan, həm də misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirib.
S. Sadıqov qeyd edib ki, bünövrəsi dahi şəxsiyyət tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla idarə olunur. Bu gün Prezidentin sayəsində Azərbaycan Cənubi Qafqazda lider və ən qüdrətli dövlət olmaqla yanaşı, siyasi və iqtisadi parametrlərinə görə inkişaf etmiş dövlətlərlə bir sırada inamla addımlayır və gələcəkdə daha böyük müvəffəqiyyətlərə imza atmaq əzmindədir.
Tədbirin sonunda dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib.