Ümummilli Lider ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasının əsas memarı olub
Bakı, 5 may, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı, uzaqgörən və dahi siyasi xadim olan Ümummilli Lider Heydər Əliyev irsinə həm Azərbaycan, həm də region üçün mühüm nəqliyyat qovşağı və iqtisadi mərkəz kimi formalaşmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Bakı Limanı) yenidən qurulması və inkişafı da daxildir.
AZƏRTAC xəbər verir ki, bunu “Heydər Əliyev irsi: Bakı Limanının inkişaf dövrü” adlı tədbirdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
Qurum rəhbəri qeyd edib ki, Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1980-ci, eləcə də 1990-cı və 2000-ci illərin əvvəllərində Bakı Limanı əhəmiyyətli dərəcədə inkişaf dövrünü yaşayıb və müasirləşib.
T.Ziyadov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkənin nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəlmiş strateji baxışı Azərbaycanın sosial-iqtisadi siyasətinin əsas sütunlarından biri olub. Onun sözlərinə görə, dahi rəhbərin strateji baxışı sayəsində Azərbaycan Xəzər dənizi hövzəsində və qlobal səviyyədə Avrasiya məkanında mühüm təsirə malik logistika mərkəzi kimi formalaşıb.
Daha sonra Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov bildirib ki, Ümummilli Lider ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması və modernləşdirilməsi, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin tərkib hissəsi kimi Bakı Limanının yenidən qurulması, 52 il əvvəl Bakıda Dəniz Vağzalı Terminalının tikintisinin təşəbbüskarı, liman infrastrukturun inkişafı və bir sıra gələcəkyönümlü mühüm layihələrin memarı olub.
Arif Məmmədov əlavə edib ki, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Bakı Limanı öz intibah dövrünü yaşayıb. Limanda yeni avadanlıqlar quraşdırılıb, müasir standartlara cavab verən liman terminalları və qurğuları inşa edilib və Bakı Limanında yük dövriyyəsi, sərnişin daşıması əhəmiyyətli dərəcədə artıb.
Vurğulanıb ki, Heydər Əliyevin strateji baxışı sayəsində Azərbaycan Xəzər dənizi hövzəsində və qlobal səviyyədə Avrasiya məkanında mühüm təsirə malik logistika mərkəzi kimi formalaşıb. Azərbaycan hazırda regionda nəqliyyat qovşaqları və beynəlxalq nəqliyyat dəhlizləri üçün mühüm tranzit nöqtəsidir. Bakı Limanı da bu istiqamətdə Azərbaycanın artan iqtisadi və strateji əhəmiyyətinə öz töhfəsini verir.
Sonra Ümummilli Lider Heydər Əliyevin dəniz nəqliyyatı sahəsində gördüyü işləri əks etdirən film nümayiş etdirilib.
Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, diplomatlar, biznes dairələrinin nümayəndələri, liman, dəmir yolu, nəqliyyat sahəsində çalışan mütəxəssislər iştirak ediblər.