ÜMUMMİLLİ LİDERİMİZİN ƏZİZ XATİRƏSİ YAD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 25-də, cümə axşamı Türkiyənin İstanbul və İzmir şəhərlərində zəmanəmizin görkəmli siyasi xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyevi anma mərasimləri keçirilmişdir. İstanbuldakı baş konsulluğumuz və Azərbaycan Hava Yolları Dövlət Konserni tərəfindən keçirilən anma mərasimlərinə Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri, burada yaşayan, işləyən həmyerlilərimiz dəvət olunmuşdular. Anma mərasimini giriş sözü ilə baş konsulumuz İbrahim Yaqubov açmışdır. O, Heydər Əliyevin xatirəsinə, Azərbaycanın Prezidenti İlham Əliyevə göstərilən diqqət, hörmət və ehtiram üçün məclis iştirakçılarına dərin təşəkkürünü bildirmişdir. Heydər Əliyevə türk mətbuatı tərəfindən verilən “Əfsanəvi siyasətçi” adının doğrudan da böyük şəxsiyyətin fəaliyyətinə yüksək qiymət kimi dəyərləndirmişdir. Tədbirdə söz alan Türkiyənin nüfuzlu “Kanal-2” televiziyası idarə heyətinin üzvü Kənan Akın Heydər Əliyevin ümummilli tariximizdə nadir şəxsiyyətlərdən biri olduğunu, türk dünyasının bu məğrur və yenilməz insanın xatirəsi önündə iftixarla baş əydiyini vurğulamışdır.
Azərbaycanın əməkdar incəsənət xadimi, professor Tofiq İsmayılov Prezident Heydər Əliyevin elm, incəsənət və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Tədbirdə mərhumun ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.
İzmir şəhərində İstanbuldakı baş konsulluğumuz və İzmirdə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz tərəfindən təşkil olunmuş anma mərasimində Prezident Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığı qeyd olunmuşdur. Müstəqil respublikamızın ən çətin iqtisadi vəziyyətində belə Prezident Heydər Əliyevin fərqlənən tələbələrimiz üçün təqaüdlər təsis etməsi, onların həyat və məişəti ilə yaxından maraqlanması haqqında söhbət açılmışdır. Gənclərimiz bir daha Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezidentimiz İlham Əliyevə olan inamlarını ifadə etmişlər. Anma mərasimində müqəddəs kitabımızdan dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.
Dost və qardaş Türkiyədə keçirilən belə tədbirlər iki ölkə arasında sıx əlaqələrin nümayişi, müasir dövrdə bu münasibətlərin memarı olan Heydər Əliyevin misilsiz xidmətlərinin əyani nümunəsi, böyük insana olan hörmət və ehtiramın əsl təzahürüdür.