HEYDƏR ƏLİYEV - 100
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə intellektual yarışın final mərhələsi keçirilib
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin uşaq siyasətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman uşaqlara diqqət və qayğı ilə yanaşıb. Uşaqları sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütməyin çətin və məsuliyyətli iş olduğunu deyən komitə sədri qeyd edib ki, ona görə də onlara hər zaman qayğı göstərmək, problemlərinə diqqətlə yanaşmaq lazımdır.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır. “Ümummilli Lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qurulmasına töhfə verib”, - deyə B.Muradova qeyd edib.
Daha sonra final mərhələsi keçirilib və qaliblər müəyyənləşib.
Birinci yeri Xətai rayonunun, ikinci yeri Yasamal rayonunun və üçüncü yeri isə Binəqədi rayonunun komandaları tutub.
Sonda qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, intellektual yarışda hərəsində 5 iştirakçı olmaqla ümumilikdə 158 komanda iştirak edib. Onlar arasından hər rayondan (Bakı şəhəri üzrə 12 rayon) bir komanda qalib gələrək final turuna vəsiqə qazanıb.