Uşaq atletikasının inkişaf etdirilməsi üçün “Azərbaycanda uşaq atletikası” adlı seminar keçirilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycanda uşaq atletikasının inkişaf etdirilməsi məqsədilə Sumqayıt Olimpiya İdman Kompleksində “Azərbaycanda uşaq atletikası” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Beynəlxalq Atletika Federasiyasının və Azərbaycan Atletika Federasiyasının (AAF) dəstəyi ilə təşkil olunub.
Məşğələlər Beynəlxalq Atletika Federasiyasının (BAF) “Uşaq atletikası” proqramı üzrə birinci dərəcəli mühazirəçiləri və AAF-nin məşqçi-müəllimləri Ceyhun Hüseynov və Aqil Paşayev tərəfindən aparılıb. İki gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər daxil olmaqla, orta ümumtəhsil məktəblərindən 30-a yaxın fəal fiziki tərbiyə müəllimi, məşqçi-müəllim iştirak edib.
Seminarın proqramının praktiki hissəsində 5-6-cı sinif şagirdlərinin iştirakı ilə uşaq atletikası yarışı keçirilib. Tədbirin sonunda müəllimlərə sertifikatlar, məktəblilərə isə diplomlar təqdim olunub.
Beynəlxalq Atletika Federasiyasının təqdim etdiyi “Uşaq atletikası” proqramı 2005-ci ildə yaradılıb. Bu proqram əhatə dairəsinə görə hazırda dünyanın ən geniş yayılmış kütləvi idman layihələrindəndir. 2011-ci ilin sonunda layihə dünyanın 100 ölkəsində 1,5 milyon uşağı əhatə edib. 2012-ci ildən etibarən isə BAF “Uşaq atletikası” proqramı üzrə məşqçi-təlimatçıların hazırlığı layihəsinə başlayıb.