Valdas Dambrauskas: Futbolçularım inanılmaz oyun nümayiş etdirdilər
Bakı, 11 avqust, AZƏRTAC
Hər kəsi təbrik edirəm. Futbolçularım inanılmaz oyun nümayiş etdirdilər. İlk yarıda rəqibin qol vurmaq üçün bir şansı oldu, onda da qapıçımız yaxşı mübarizə apardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Masazırda Danimarkanın "Orxus" komandasını 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Rəqib bu matçda daha çox təzyiq göstərdi. Oyundan əvvəl də demişdim ki, xırda detallar görüşün taleyini həll edəcək. Bizim məqsədimiz oyunun startından dominant futbol oynamaqdır. Bundan əvvəlki mərhələdə üz-üzə gəldiyimiz rəqiblər müdafiə futbolu sərgiləyirdilər. Həmin komandalara qol vurmaq çətin olur. Amma "Orxus" müdafiədə boşluqlar verdi.
Bu qələbəni qeyd edib, Premyer Liqanın ilk turunda "Kəpəz"lə matça hazırlaşacağıq", - deyə baş məşqçi bildirib.
Mütəxəssis komandadakı bütün futbolçulardan razı qaldığını söyləyib: "Gənc qapıçılarımız var ki, onlar da bizə çox kömək olacaqlar. Çox perspektivli oyunçulardır".
Çalışdırıcı dördüncü qolun müəllifi Ksander Severina haqqında müsbət fikirlər səsləndirib: "Mən ona oyuna daxil olmazdan əvvəl dedim ki, qapıya daha çox zərbə vur. O da topu özünə çəkib vurdu".
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 5:2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Müxbir - Cavid Əliyev