“Valensiya” mövsümə Avropa Liqasının çempionuna qalib gələrək başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
İspaniya La Liqasının birinci turunda “Sevilya” öz meydanında “Valensiya”nı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Ramon Sançes Pisxuan stadionunda baş tutan matçın taleyi son dəqiqələrdə həll olunub.
Oyunda hesabı qonaqlar açıblar. Muktar Diakabi 60-cı dəqiqədə Andre Almeydanın ötürməsindən sonra komandasını irəli çıxarıb. Cəmi 9 dəqiqə sonra Susonun ötürməsi ilə Yussef En-Neseri status-kvonu bərpa etsə də, bu, xal qazanmaq üçün yetərli olmayıb. Belə ki, 81-ci dəqiqədə “Sevilya” azlıqda qalıb: Loik Bade qırmızı vərəqə alaraq meydanı tərk edib. Azlıqda qalan rəqibə təzyiqini artıran “Valensiya” son dəqiqələrdə hesabı öz xeyrinə dəyişə bilib. Xaviyer Querra 88-ci dəqiqədə topu qapıya göndərib. Ona məhsuldar ötürməni Uqo Duro edib. Hakim Xose Mariya Sançesin əlavə etdiyi 11 dəqiqə də ev sahibi komandasına yardımçı olmayıb. Beləliklə, “Sevilya” - “Valensiya” matçı qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, 2022/2023 mövsümünün sonunda “Sevilya” 12-ci pillədə qərarlaşsa da, eyni dönəmdə Avropa Liqasının qalibi olub və bu səbəbdən cari mövsümdə Çempionlar Liqasında çıxış edəcək. “Valensiya” isə ötən mövsüm liqanı 16-cı sırada başa vurub.