Valentina Antonenko: Müharibə zamanı da Azərbaycan dövləti səmimi dostluq münasibəti göstərir








Kiyev, 19 aprel, AZƏRTAC
Ukrayna tərəfinin rəsmi dəvəti ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Kiyevdə səfərdədir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri, həmçinin işçi qrupun katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili, səfirliyin diplomatları, ukraynalı deputatlar Kiyevdə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Sonra nümayəndə heyəti Buça şəhərində olub. Deputatlar Buça şəhərinin dağıntılarına baxıb, mərkəzi kilsənin ərazisində salınan kütləvi məzarlığı ziyarət ediblər. Sonra şəhərin müharibə dönəminə həsr olunan fotosərgiyə baxış olub.
Daha sonra İrpen şəhərinə gələn Milli Məclisin deputatları burada görkəmli elm xadimi, oftalmoloq-alim Zərifə Əliyevanın abidəsi önünə tər çiçəklər düzüb, akademikin əziz xatirəsini yad edib, onun adını daşıyan 12 nömrəli tam orta məktəbə baş çəkiblər.
Məktəbin direktoru Valentina Antonenko deputatlarla görüşündə orta məktəbə daim dəstək göstərən Azərbaycan dövlətinə, xüsusilə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O deyib ki, həmişə olduğu kimi, müharibə zamanı da Azərbaycan dövləti səmimi dostluq münasibəti göstərir.
Görüşlərdən sonra AZƏRTAC-a açıqlama verən Ukrayna-Azərbaycan dostluq qrupunun həmsədri, Ali Radanın deputatı Volodimir Kreydenko bildirib ki, bu çətin dönəmdə azərbaycanlı deputatların səfəri iki ölkə arasında dost münasibətlərin bariz nümunəsidir.
Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə deyib ki, səfər bir daha iki ölkənin, xalqın dost münasibətlərinin göstəricisidir. Səfər çərçivəsində iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.
Səfər aprelin 21-dək davam edəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev