VAQİF SADIQOV: AFFA RƏHBƏRLİYİ MİLLİ YIĞMAMIZ ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARATMIŞDIR
Bu oyunların nəticələri məlumdur və biz qarşımıza yarışmaların gedişi barədə danışmaq məqsədi qoymamışıq. Böyük Britaniyanın bu hissəsində futbola münasibətdən söhbət açaq. Uelsin paytaxtı və Nyuport şəhəri, demək olar ki, futbolla yaşayır. Uels və Azərbaycan yığma komandaları arasında oyun dünya çempionatının 6-cı seçmə qrupunun turnir cədvəlində əhəmiyyətli dəyişikliklər etməsə də (hər iki komanda turnir cədvəlində aşağı yerləri tuturdu), bütün radio və televiziya kanalları oyunlar barədə anonslar verir, yığma komadamız, oyunçularımız və ölkəmiz haqqında süjetlər nümayiş etdirirdi.
Əsas yığma komandaların görüşündən əvvəl şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürürdü, sanki, şəhər milli bayrama hazırlaşırdı. Dünyanın ən yaraşıqlı və müasir futbol meydanlarından biri olan 70 min yerlik “Millenium” stadionu yarıbayarı dolmuşdu. Kardiffdə 250 minə yaxın adamın yaşadığını nəzərə alsaq, bunun böyük göstərici olduğunu görərik.
Azərbaycanın himni səslənəndə stadion qonaqlara hörmət əlaməti kimi sükuta qərq oldu. Yerli əhali ilə ünsiyyətdə olduğumuz üç gün ərzində bir dəfə də olsun qərəzli münasibətlə rastlaşmadıq. Əksinə, kardifflilər Azərbaycan futbolçularına qələbə arzulayırdılar.
Oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Vaqif Sadıqov yerli futbolçuları qələbə münasibətilə təbrik etdi və komandamızın qapısına hər iki topu vurmuş Rayan Giqqsin oyununu xüsusi vurğuladı.
Vaqif Sadıqov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, futbolçularımızın məğlubiyyətinə baxmayaraq, oyun yaxşı təəssürat bağışladı. Avstriya komandası ilə sonuncu görüşdən ötən vaxt ərzində böyük dəyişiklik hiss olunur, bir neçə futbolçumuz zədə almışdır, həmin tərkibdən 5 idmançı isə meydana çıxmamışdı. Rəqibimiz güclü idi. Təkcə bunu demək kifayətdir ki, Uels yığması əvvəlki oyunda Şimali İrlandiya komandasına qalib gəlmişdi.
Hazırda AFFA rəhbərliyi ölkənin yığma komandası üçün hər cür şərait yaratmışdır. Lakin klubun və yığma komandanın mənafelərinin uyğun gəlməsi də vacibdir. Yaxşı oyunçular azlıq təşkil edir, klublarda yerli futbolçuların sayı azdır, əsasən, legionerlərə üstünlük verirlər. Bu, futbolumuzun ən başlıca problemidir. Lakin bütün bunlara baxmayaraq, yığma komandamız son oyunlarda rəqibləri ilə bərabər qüvvə ilə yarışır. Mən yığma komandamızın gələcəyinə inanıram. Onun qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qüvvəsi çatacaqdır.