Vaqif Sadıqov: “Qarabağ”ın kubokdakı məğlubiyyəti sensasiya deyil
Bakı, 3 aprel, AZƏRTAC
“Kubok elə bir yarışdır ki, orada favorit olmur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları barədə danışarkən deyib.
O, “Araz-Naxçıvan”ın “Qarabağ” üzərində 1:0 hesablı qələbəsinin sensasiya olmadığını bildirib: “Çünki Naxçıvan təmsilçisi hədəfləri yüksək olan komandadır. Liqada çox uğurlu çıxış edirlər. Dünənki matçda da intizamlı oyun nümayiş etdirdilər. Hiss olunurdu ki, Elmar Baxşıyev rəqibi yaxşı analiz edib. “Qarabağ” isə bütün matçlarda favorit hesab olunur. Cavab görüşündə də üstün tərəf sayılacaq. Heç nə bitməyib. Düşürəm ki, ikinci qarşılaşma daha gərgin alınacaq”.
V.Sadıqov “Neftçi”-“Sabah” oyununun (1:2) gərgin və dinamik keçdiyini söyləyib: “Əvvəlcə arzulayıram ki, bütün oyunlar bu cür maraqlı alınsın. Həqiqətən də izləyib zövq aldığım matç oldu. Hər iki komandanın ümidi ölkə kubokudur. Oyundan əvvəl də şanslar bərabər hesab olunurdu. Cavab görüşündə də belə olacaq. Bu komandalardan biri mövsümü titulsuz bitirsə və avrokuboklara vəsiqə qazanmasa, bunu fiasko adlandırmaq olar. Lakin klub gələcəyə hesablanmış iş görürsə, bu, ayrı məsələdir. İndidən desək ki, “Sabah” növbəti mərhələyə yüksəlib, yanlış fikir olar. Hər şey Masazırdakı cavab görüşündə həll olunacaq”.
Qeyd edək ki, bu mərhələnin ikinci oyunları aprelin 23-də təşkil olunacaq.