Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
Vaşinqton, 24 yanvar, AZƏRTAC
Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimə Vaşinqtondakı diplomatik korpusun əməkdaşları, ABŞ-da yaşayan Azərbaycan icması və yerli ictimaiyyətin nümayəndələri qatılıblar.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək, 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə və sovet hakimiyyətinin xalqımıza qarşı həyata keçirdiyi qanlı qırğın haqqında məlumat verib. O, sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli, mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb.
Faciənin baş verdiyi günləri xatırlayan E.Süleymanov həmin vaxt özünün Moskvada ali təhsil aldığını bildirib və bu qanlı faciəyə dair həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs edib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza verdiyi mənəvi dəstəyi və bunun Azərbaycanın müstəqilliyinə aparan hadisə olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycan diasporunun fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin dünyadakı bütün azərbaycanlıları ayağa qaldırdığını, o cümlədən ABŞ-da Azərbaycanın diaspor nümayəndələrinin keçmiş SSRİ-nin səfirliyi qarşısında etiraz aksiyası keçirdiklərini xatırlayıb və bunu milli oyanışın, həmrəyliyin mühüm amili kimi qeyd edib.
Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna ehsan verilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton