Vətənin azadlığı, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi həmişə qəlblərdə yaşayacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planına uyğun olaraq Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi Suraxanı rayonunda da ehtiramla yad olunmuşdur.
Yanvarın 14-dən 19-dək rayon məktəbliləri üçün “Suraxanı rayonu Heydər Əliyev Mərkəzi”ndə elektron auditoriyalarda 20 Yanvar faciəsi haqqında filmin nümayişi təşkil etdirilmişdir.
Sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində “Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin Qanlı 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda tədbirləri keçirilmişdir. Ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
Şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət olunmış, 20 Yanvar Şəhid ailələri və əlillərinə ərzaq yardımı göstərilmişdir.
Yanvarın 19-da 20 Yanvar faciəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Çıxış edənlər 20 Yanvar faciəsindən danışmış, bu hadisəni Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, 20 Yanvar özümüzü bir millət kimi tanıyan və dərk edən günümüzdür. Bu faciə xalqı yumruq kimi birləşdirmiş və bütün dünya azərbaycanlılarının gücünü ifadə etmişdir.
Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr bu faciə ilə bağlı qətiyyətli addım atmamışlar. Lakin ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükəyə ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə kəskin münasibət bildirmişdir. Məhz ulu öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilmişdir.
Çıxışlarda, xüsusi qeyd edilmişdir ki, Heydər Əliyevin siyasi kursunu uğurla və ləyaqətlə davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutur, şəhidlərə diqqət və qayğı göstərir. Dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
######
