VIII Ümumdünya Yumşaq Hesablamalar Konfransının materialları “Springer” nəşriyyatında çap olunub
Bakı, 11 iyul, AZƏRTAC
Ötən il İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Lütfi Zadənin anadan olmasının yüz illiyinə və elmi irsinə həsr olunmuş VIII Ümumdünya Yumşaq Hesablamalar konfransının materialları “Springer” nəşriyyatı tərəfindən “Tədqiqat, əsaslar və tətbiqlərdə son inkişaflar və yeni istiqamətlər” adlı kitabda dərc olunub.
İSİ-dən AZƏRTAC-a bildirilib ki, elmi nəşrdə yumşaq hesablama, qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar, idrakda qeyri-müəyyənlik, neyron şəbəkələr, koqnitiv modelləşdirmə və digər sahələr üzrə aparılan yeni araşdırmaların elmi nəticələri təqdim olunub.
Elmi nəşr baş direktor akademik Əli Abbasov, Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, Lütfi Zadənin elmi irsinə həsr olunan “Soft Computing” üzrə ümumdünya konfranslarının baş katibi professor Şahnaz Şahbazova, Beynəlxalq Qeyri-səlis Sistemlər Assosiasiyasının vitse-prezidenti Vladik Kreynoviç, Polşa Elmlər Akademiyasının Sistemlərin Tədqiqatı İnstitutunun professoru Yanuş Kacprjik və Meksika Süni İntellekt Cəmiyyətinin prezidenti, Meksika Elmlər Akademiyasının həqiqi üzvü İldar Batırşinin redaktorluğu ilə dərc olunub.