“Visionet”in nümayəndələri ilə ölkəmizdəki müxtəlif qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə “Visionet”in rəhbər heyətinin ölkəmizə səfəri İKT sektorunda səmərəli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Pakistanın aparıcı innovativ texnologiya şirkəti “Visionet”in rəhbər heyətinin Azərbaycana səfəri reallaşıb. Səfər çərçivəsində şirkət nümayəndələri ölkəmizdəki müxtəlif qurumlarla əməkdaşlıqların gücləndirilməsi istiqamətində əhəmiyyətli görüşlərdə iştirak ediblər.
“Visionet” şirkətinin nümayəndələri ilə “R Group Holding”, “Azərbaycan Supermarket" MMC, “Competo” MMC, “Veysəloğlu” MMC və “Kapital Bank” ASC-nin rəhbərliyi arasında olduqca məhsuldar və uzunmüddətli əlaqələrin qurulmasını hədəfləyən bir sıra ikitərəfli görüşlər keçirilib.
Görüşlər əsnasında innovasiya və texnologiya sahələrində potensial əməkdaşlıqların, bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.
Qeyd edək ki, “Visionet” şirkəti rəqəmsal ticarət, proqram təminatı inteqrasiyası, data və analitika, “bulud” həlləri, zəng mərkəzinin təkmilləşdirilməsi və digər İKT yönümlü sahələrdə xidmətlər göstərir.