Xaçmaz Peşə Məktəbinin tələbələri təcrübə həftəsinə başlayıb
Bakı, 26 noyabr, AZƏRTAC
Xaçmaz Peşə Məktəbinin kənd təsərrüfatı mallarının saxlanması və anbarlanması üzrə logistika mütəxəssisi ixtisası üzrə təhsil alan I kurs tələbələri Qafqaz Konserv Zavodunda tanışlıq məqsədli təcrübə həftəsinə başlayıb.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təcrübə müddətində tələbələr anbarlama və logistika dəyər zəncirinin bütün mərhələləri ilə bağlı məlumat əldə edəcək. Növbəti ilin yanvar ayından etibarən sözügedən tələbələr tədris proqramına uyğun olaraq istehsalat təliminə başlayacaq.
Təlim təcrübəsi Xaçmaz Peşə Məktəbi və Qafqaz Konserv Zavodu arasında “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının dəstəyi ilə əldə olunan uğurlu əməkdaşlığın nəticəsidir. Sözügedən əməkdaşlıq Almaniyanın dual peşə təhsili və təlimi modelinə əsaslanan müvafiq tətbiqin bir hissəsidir. Birgə fəaliyyət logistika və nəqliyyat sektorunda peşə təhsili və təliminin cəlbediciliyinin artırılmasına yönəlib. Dualabənzər peşə təhsili və təlimi özəl sektorla möhkəm və davamlı əlaqələrin qurulmasını, şirkətlərdə əmək bazarı yönümlü kurikulumların və praktiki təlimlərin tətbiqini prioritetləşdirir.
“Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilir və 2017-2023-ci illəri əhatə edir. Azərbaycan üzrə proqramın əsas məqsədləri tələbələrin özəl sektorda praktiki təlimə cəlb olunaraq ikili (dual) peşə təhsilinə yiyələnməsini təmin etmək, yeni peşə təhsili ixtisaslarının yaradılması ilə yanaşı, peşə təhsili üzrə idarə heyətinin, müəllim kollektivinin və şirkətdaxili təlimçilərin potensialını gücləndirməkdir. Eyni zamanda, peşə təhsilinin inteqrasiyasına fokuslanmış davamlı iqtisadi inkişafı təşviq etməkdir.