Xaçmazda 300-dən çox sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb VİDEO
Xaçmaz, 24 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq nəcib aksiya təşkil olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.
Aksiya çərçivəsində ümumilikdə 300-dən çox sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb. Bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya olunması, əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.
Rayon sakinləri və sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər.