Xaçmazda fındıq yığımının qızğın çağıdır VİDEO
Xaçmaz, 12 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Məhsul yığımı ilə yanaşı, fındığın qabıqdan təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar. Bağlarda məhsuldarlıq yüksəkdir. Hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan qabıqlı formada 1,5 manata, təmizlənmiş halda isə 3 manata alınır.
Təsərrüfatçı İsmayıl Məmmədəliyev bildirir ki, ehtiyacı olan məhsulu indi satır. Amma əksəriyyət fındığı payız-qış aylarında satmağa üstünlük verir. “Yığım avqust ayının sonuna kimi davam edir. Amma məhsulu tez yığmaq lazımdır ki, itki olmasın. Məhsulu vaxtında toplamaq üçün fəhlələr cəlb olunur. Fındığın bir kiloqramını 40-50 qəpiyə yığırlar. Amma son iki ildə fındığın qiyməti ucuz olub. Bu il isə məhsul yığımının ilk günlərində qiymət yaxşıdır. 3 manat 20 qəpiyə satılır. Güman edirəm ki, bu il qiymətlər yaxşı olacaq. 5-6 manata satılsa təsərrüfatçılar yaxşı gəlir əldə edər. Mən məhsulumuzu toplayıb, qurudub, anbarda saxlayacağam”, - deyə təsərrüfatçı bildirib.
Xaçmazlı fermerlər bir neçə ildir ki, ağacdan yığılan fındığın qabıqdan təmizlənməsi üçün xüsusi aqreqatlardan istifadə edirlər. Bu texnologiyanın tətbiqi təsərrüfatçıların işini xeyli yüngülləşdirir. Belə ki, bağından 1 ton fındıq əldə edən təsərrüfatçı əvvəllər bu məhsulu qabığından təmizləmək üçün ailə üzvləri ilə birlikdə 7-10 gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən texnika isə bu işi cəmi yarım saata görür. Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram təmizlənmiş fındıq alınır.
Əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisələri məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 10 min hektara yaxındır. Bu bağların yarıdan çoxu barverəndir. Hər il Xaçmazın fındıq bağlarından 6-7 min ton məhsul yığılır.