XALQIMIZA QARŞI TÖRƏDİLƏN SOYQIRIMI BƏŞƏRİ CİNAYƏTDİR
Ağsu, 31 mart (AZƏRTAC). 31 Mart - Azərbaycanlıların soyqırımı günü Ağsuda kütləvi tədbirlərlə qeyd olunmuşdur.
Martın 31-də ümumtəhsil məktəblərində ilk dərslər soyqırımı mövzusuna həsr edilmiş, rayon tarix diyarşünaslıq muzeyində, kitabxana və klublarda faciə ilə əlaqədar sərgilər, fotoguşələr təşkil olunmuş, kütləvi tədbirlər keçirilmişdir.
Rayon icra hakimiyyətində keçirilmiş mərasimdə soyqırımı qurbanlarının, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat Orucovun “Xalqımızın başına gətirilən faciələr” mövzusunda məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur.
Göstərilmişdir ki, XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər öz havadarlarının köməyi ilə 1905-1907-ci, 1918-1920-ci və 1988-1993-cü illərdə xalqımıza qarşı görünməmiş qırğınlar törətmişlər. 1918-ci ilin mart qırğını zaman-zaman həyata keçirilən soyqırımının ən dəhşətli hadisələrindən biri kimi Azərbaycan tarixinin qanla yazılmış səhifəsinə çevrilmişdir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min nəfər azərbaycanlını - qocaları, qadınları, uşaqları ağlasığmaz vəhşiliklərlə qətlə yetirərək yandırmış, dənizə və su quyularına tökmüşlər. O vaxt erməni silahlıları Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə də yüzlərlə kəndi viran qoymuş, 10 minlərlə əliyalın insanı məhv etmişlər. Daşnak-bolşevik birləşmələri təkcə Bakı sakinlərindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət etmiş, bir çox ziyarətgah və tarixi abidələri yerlə-yeksan etmişlər. Ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ münaqişəsi adı altında yeni, növbəti soyqırımında on minlərlə azərbaycanlı öldürülmüş, şikəst edilmiş, torpaqlarımızın daha 20 faizi işğal olunmuş, əzəli torpaqlarımız olan Ermənistanda etnik təmizləmə aparılmış, azərbaycanlılar doğma yurdlarından qovulmuşlar.
Xüsusi vurğulanmışdır ki, artıq zaman dəyişmişdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə qurulan, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən müstəqil Azərbaycan artıq öz sözünü deməyə, erməni faşistlərini yerində oturmağa qadir bir dövlətə çevrilmişdir. Bu gün hər bir azərbaycanlı əmindir ki, “Böyük Ermənistan” xülyasına düşən erməni daşnakları öz layiqli cəzalarını alacaqlar.